logo

Davos forumunda 5 min əsgər təhlükəsizliyi qoruyacaq

17:13 09-01-2024 | icon 2254
Davos forumunda 5 min əsgər təhlükəsizliyi qoruyacaq

Yanvarın 15-dən 19-dək İsveçrənin Davos kurort şəhərində keçiriləcək Ümumdünya İqtisadi Forumunda (WEF) təhlükəsizliyin təmin edilməsinə ölkənin silahlı qüvvələrin 5 minədək əməkdaşı cəlb edilib.

YeniAvropa xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi ölkənin Müdafiə Nazirliyinə istinadla məlumat yayıb. 

Nazirlikdən bildirilib ki, beynəlxalq tədbir zamanı hərbçilər Davos bölgəsindəki Landvasser vadisində yerləşdiriləcək. İsveçrə silahlı qüvvələrinin əsgərləri hava suverenliyi, logistika və komanda dəstəyi daxil olmaqla, bütün təhlükəsizlik tədbirlərini həyata keçirmək məqsədilə bu ölkənin qalan bölgələrində də yerləşdiriləcək.

Xatırladaq ki, ötən il 16-20 yanvar tarixlərində İsveçrənin kurort şəhəri Davosda 53-cü Dünya İqtisadi Forumuna 50-dək ölkədən dövlət və hökumət başçıları, eləcə də BMT-nin, NATO-nun baş katibləri, Avropa İttifaqının, digər beynəlxalq təşkilatların rəhbər şəxsləri qatılıb.

Forumda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.