Azərbaycan ilə Türkmənistan arasında svop qaz tədarükünün davamı ilə bağlı danışıqlar aparılır.
YeniAvropa Türkmənistan KİV-ə istinadla xəbər verir ki, bu barədə İranın Milli Qaz Kompaniyası (NIGG) məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Türkmənistan qazının İran ərazisindən Azərbaycana nəqli müvəqqəti olaraq dayandırılıb. Bakı və Aşqabad bu məsələ üzrə danışıqlar aparırlar. Həmçinin bildirilib ki, iki ölkə arasında razılıq əldə olunmasından sonra svop qaz tədarükü bərpa ediləcək.
2021-ci il noyabrın 28-də Aşqabadda imzalanmış üçtərəfli svop sazişinə uyğun olaraq, İran 2022-ci ilin yanvarından etibarən Türkmənistandan qazın Azərbaycana nəqlinə başlayıb. Sözügedən saziş ildə 1,5-2 milyard kubmetr türkmən qazının İran üzərindən Azərbaycana nəqlini nəzərdə tutur.
2022-ci ilin iyununda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İranın neft naziri Cavad Övci Bakıda İran ərazisindən keçməklə qazın Türkmənistandan Azərbaycana tədarükünün iki dəfə artırılmasını nəzərdə tutan qarşılıqlı anlaşma Memorandumu imzalayıblar.