Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2024-cü ilin yanvar ayı üçün reytinq cədvəlini açıqlayıb.
YeniAvropa FIDE-nin saytına istinadla xəbər verir ki, Azərbaycanın kişi şahmatçılarından ən yaxşı göstəricisi Şəhriyar Məmmədyarova (2726) aiddir. Dekabr ayı ilə müqayisədə iki pillə irəliləyən şahmatçı 24-cü sırada qərarlaşıb. Teymur Rəcəbovun mövqeyi dəyişməyib. Qrosmeyster 2723 xalla 27-ci sıradadır. Arkadi Naydiç (2657) 80-ci, Rauf Məmmədov (2651) 87-cidir.
Reytinq siyahısında qadın şahmatçılarımızdan ən yaxşı göstərici Günay Məmmədzadəyə məxsusdur. O, 2449 xalla 26-cı sıradadır. Ülviyyə Fətəliyeva (2384) siyahıda 64-cü, Gövhər Beydullayeva (2374) 77-ci, Gülnar Məmmədova (2351) 97-ci, Xanım Balacayeva (2350) isə 99-cu pillələrdə yer alıblar.
Kişi şahmatçıların reytinq siyahısına 2830 xalla Maqnus Karlsen başçılıq edir. Çinli Yifan Hou (2632) qadın, almaniyalı Vinsent Keymer (2743) gənc, qazaxıstanlı Bibisara Assaubayeva (2472) isə qız şahmatçıların siyahılarında ilk pillələrdə yer alıblar.