logo

TƏBİB kadr siyasətini gücləndirəcək

20:30 30-12-2023 | icon 15701
TƏBİB kadr siyasətini gücləndirəcək

Bu günlərdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin(TƏBİB) yaradılmasının 5 ili tamam olub. 

YeniAvropa xəbər verir ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov qurumun 5 illik fəaliyyəti, görülən və nəzərdə tutulan işlər barədə müsahibə verib. Həmin müsahibəni təqdim edirik: 

- TƏBİB-in fəaliyyətə başlamasından 5 il ötür. Bu müddət ərzində tibb müəssisələrinin idarə edilməsində hansı köklü dəyişikliklər edilib?

- “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirən qurumdur. Fəaliyyətimizin əsas məqsədi tabeliyimizdə olan tibb müəssisələrində tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir. TƏBİB, həmçinin tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdırır.

Bildiyiniz kimi, əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən tədbirlərin effektivliyini artırmaq, səhiyyə sisteminin maliyyə dayanıqlılığını və vətəndaşların keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti 2022-ci il 13 may tarixində Fərman imzalayıb. Fərmana əsasən TƏBİB-in fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən və digər 4 üzvdən ibarət Müşahidə Şurası həyata keçirir. Fərmana uyğun olaraq TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və fəaliyyətinə nəzarəti həyata keçiririk. Bu Fərmanla TƏBİB həm də müstəqil qurum kimi fəaliyyətini davam etdirir.

Məlumdur ki, TƏBİB-in yaranmasının ilk illəri çətin və məsuliyyətli dövrlərə təsadüf etdi. Bütün dünyanı cənginə alan koronavirus pandemiyası ilə mübarizə, daha sonra 44 günlük Vətən müharibəsində tibbi xidmətlərin uğurlu təşkili kimi məsul vəzifələri icra etmişik. Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizədə mütərəqqi qabaqlayıcı tədbirlər nəticəsində ən yaxşı göstəricilərlə beynəlxalq miqyasda nümunəvi ölkələr sırasında yer alıb. COVID-19 pandemiyası dövründə pasiyentlərin stasionar müalicəsi məqsədilə 33 tibb müəssisəsi ayrılıb və ümumi xəstələrin 90 faizinin müalicəsi TƏBİB-in tabeli tibb müəssisələrində həyata keçirilib. Vətən müharibəsi zamanı isə TƏBİB-in tabeliyində olan 6 050 çarpayılıq 43 tibb müəssisəsi və 720 tibb işçisini əhatə edən 120 briqada cəbhə bölgəsinə cəlb edilib və tibbi xidmətin 80 faizi TƏBİB tərəfindən həyata keçirilib.

Bu gün tibb müəssisələrində Vətən müharibəsi iştirakçıları və şəhid ailəsi üzvlərinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, onların müraciətlərinin operativ qaydada cavablandırılması, şikayətlərinin araşdırılması kimi məsələlər daim diqqətdə saxlanılır.

İşğaldan azad olunmuş ərazilərdə yaşayan və işləyən sakinlər üçün tibbi xidmətlərin təşkili məqsədilə müvəqqəti olaraq 2021-ci ildən başlayaraq Şuşa, Zəngilan, Laçın, Ağdam və Hadrutda modul tipli xəstəxanalar və ailə sağlamlıq mərkəzləri yaradılıb, tibbi avadanlıq, dərman vasitələri və kadrlarla təmin edilib. Eyni zamanda, Xankəndi şəhərində digər həyati vacib sahələr kimi tibbi xidmətin təşkili ilə bağlı tədbirlər davam etdirilir. Xankəndi şəhərində ambulator poliklinika, tam heyətlə, eləcə də tibbi vasitələrlə təmin olunan 7 ambulans və təcili tibbi yardım briqadası fəaliyyət göstərir. Poliklinikanın fəaliyyəti 7/24 rejimində növbəlilik əsasında təşkil olunub. Gələn il Cəbrayıl və Qubadlı rayonlarında modul tipli xəstəxanaların quraşdırılması nəzərdə tutulur.

Bir sözlə, bu 5 il ərzində TƏBİB uzun bir yol qət edib. Tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibb müəssisələrinin təmiri, xəstəxanaların ixtisaslı tibbi kadrlarla təmin olunması, o cümlədən xarici ölkələrdə təhsil alan və çalışan həmvətənlərimizin ölkə səhiyyəsinə qazandırılması, tibb və qeyri-tibb personalının bilik və bacarıqlarının təkmilləşdirilməsi, təlimlərə cəlb olunması üçün genişmiqyaslı işlər görülüb və görülməkdə davam edir. Vətəndaşlara ambulator və stasionar xidmətlərin göstərilməsi üçün tibb müəssisələri müasir avadanlıqlarla təchiz edilir. Tibb müəssisələrində müasir yanaşmalar, yeni tendensiyalar izlənilir, həmçinin xəstəxana idarəedilməsində innovativ yeniliklər diqqətdə saxlanılır.

Bu illər ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Abşeron Rayon Mərkəzi Xəstəxanası, Yeni Klinika, Samux, Qazax, Goranboy, Qobustan, Salyan Rayon Mərkəzi xəstəxanalarının, 2 saylı Sumqayıt Şəhər Xəstəxanası kimi böyük müəssisələrin də açılışı olub. Hazırda həmin müəssisələr əhalinin keyfiyyətli tibbi xidmətə əlçatanlığının artırılmasında önəmli rol oynayır.

Görülən işlər sırasında bu il 100 illik yubileyini qeyd etdiyimiz təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının yenidən təşkil olunmasını da diqqətə çatdırmaq istəyirəm. TƏBİB-in Müşahidə Şurasının qərarına əsasən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, “113” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının fəaliyyəti optimallaşdırılaraq bir mərkəzdə - “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxsin qismində birləşdirilib.

- Son dövrlərdə icbari tibbi sığorta üzrə göstərilən tibbi xidmətlərin sayında hansı yeniliklər var?

- Demək olar ki, ölkəmizdə icbari tibbi sığorta fəaliyyətə başladığı gündən bəri İcbari tibbi sığortanın tətbiqinə başlayanda 1829 tibbi xidməti ödənişsiz əldə etmək olurdu. Bu gün isə xidmətlər zərfindəki xidmət sayı 81 faiz artırılaraq 3315-ə çatdırılıb. Yeni əlavə edilən xidmətlərin sırasında böyrək, qaraciyər, sümük iliyi transplantasiya əməliyyatları da var. Hazırda bu əməliyyatlar, əsasən, icbari tibbi sığorta çərçivəsində müqaviləli özəl tibb müəssisələrində icra olunsa da, gələcəkdə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində də belə əməliyyatların keçirilməsi nəzərdə tutulub. Növbəti illərdə sümük iliyi transplantasiyası əməliyyatının Yeni Klinikada tətbiqi planlaşdırılır. Bunun üçün artıq həkim-cərrahlarımız Türkiyədə təlimə göndəriliblər. Müvafiq mərkəzin yaradılması istiqamətində işlər görülür.

İcbari tibbi sığorta təminatına alınmış 3315 sayda tibbi xidmətin 90 faizdən çoxu TƏBİB-in tabeliyində olan tibb müəssisələrində icra edilir: 634 sayda olan ambulator tibbi xidmətlərin 98 faizi, 931 sayda laborator xidmətlərin 100 faizi, 77 sayda fizioterapiya və reabilitasiya xidmətlərinin – 100 faizi, 266 sayda stasionar terapevtik xidmətlərin – 99 faizi, 1334 sayda stasionar cərrahi xidmətlərin – 70 faizi, həmçinin ilkin səhiyyə və təcili təxirəsalınmaz tibbi yardım xidmətlərinin 100 faizi icra edilir.

5 il ərzində tibb müəssisələrində vətəndaşlara sığorta təminatı çərçivəsində keyfiyyətli tibbi xidmətin təmin olunması məqsədilə bir sıra tədbirlər həyata keçirilib: tibb müəssisələrində sığorta işinin təşkili və innovasiyalar şöbələrinin yaradılması, sığorta üzrə məsul şəxslərin müəyyən edilməsi, sığorta işinin tibb müəssisələrində təşkil edilməsi, sığorta ödənişlərinin formalaşdırılmasına görə təlimatların hazırlanması, informasiya texnologiyaları və İnnovasiyalar idarəsinin dəstəyi ilə xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin xəstəxana idarəetmə sisteminə (E-TABİB platformasına) inteqrasiyası, göndəriş vərəqəsi elektron sisteminin yaradılması, proseslərin avtomatlaşdırılması, tibbi və qeyri-tibbi personalın vahid elektron bazadan istifadə edilməsi üçün tədbirlərin həyata keçirilməsi və sair kimi işlər həyata keçirilib.

TƏBİB bir sıra ölkələrlə əməkdaşlıq edir, tabeliyində olan tibb müəssisələrinin idarə edilməsi, tibbi xidmətlərin təşkili və keyfiyyətinin yüksəldilməsi, həmçinin tibb müəssisələrinin fəaliyyətinin icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdırılması istiqamətlərində həmin ölkələrin təcrübəsini öyrənir və tətbiqi imkanlarını araşdırır.

- Regionlarda tibbi kadrların çatışmazlığı istiqamətdə TƏBİB hansı tədbirlər görür?

- Tibb müəssisələrinin yüksəkixtisaslı həkimlərlə təmin olunması istiqamətində də mühüm addımlar atılmaqda davam edir. Biz bu istiqamətdə müəyyən planlar hazırlamışıq və zaman-zaman onu reallaşdırmağa çalışırıq. “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram” çərçivəsində 17 tibb müəssisəsində xarici ölkələrdə müxtəlif ixtisaslar üzrə təhsil alan 102 həkim-mütəxəssis işə qəbul edilib. Hazırda TƏBİB-in tabeli tibb müəssisələrində 94 min 084 nəfər əməkdaş çalışır. Onlardan 53 min 389 nəfəri tibb heyətidir. Lakin biz bununla kifayətlənmirik və proseslərin mütəmadi olaraq yüksəkixtisaslı mütəxəssislərin tibb müəssisələrinə cəlb edilməsi üçün zəruri tədbirlər planlaşdırırıq.

2023-cü ilin iyun ayında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin qərarı ilə “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram”a dəyişiklik edildi. Proqramın müddəti 2024-cü ilədək uzadıldı. Əhalinin icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərə çıxış imkanlarını genişləndirmək, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində kadr çatışmazlığını aradan qaldırmaq və müasir müalicə üsullarını tətbiq etməyə imkan yaradılması üçün Proqram çərçivəsində indiyədək 17 tabeli tibb müəssisəsində xarici ölkələrdə müxtəlif ixtisaslar üzrə təhsil alan 102 həkim mütəxəssis işə qəbul edilib.

Uzunmüddətli strategiyamıza uyğun olaraq, gənc kadrların potensialını gücləndirmək, onlara özlərini inkişaf etdirmək üçün şərait yaratmaq, gənc həkim mütəxəssislərin Azərbaycan səhiyyəsinə xidmət etməsi üçün TƏBİB Azərbaycan Tibb Universiteti ilə birgə əməkdaşlıq edir. Zaman-zaman xaricdə təhsil alan, orda çalışan həkimlərimizin vətənə qayıdışının artacağını düşünürəm. Çünki onlar da müşahidə edir ki, ölkəmizdə son dövrlər bu istiqamətdə yetərincə inkişaf müşahidə edilir, davamlı, sürətli yeniliklər baş verir, qısa zamanda böyük nailiyyətlərimiz var və ən əsası dövlətimiz onların vətəndə çalışmasında maraqlıdır.

- Xaricdə fəaliyyət göstərən azərbaycanlı həkimlərin ölkəmizə qayıtması üçün hansısa imtiyazlar və ya belə desək, cəlbedici təkliflər varmı?

- Bəli, bildiyiniz kimi, artıq bir müddətdir ki, tibb müəssisələrinin yüksəkixtisaslı həkimlərlə təmin edilməsi məqsədilə müəyyən addımlar atırıq. Bu günə kimi də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram”ı çərçivəsində xaricdə təhsil alan həkim-mütəxəssislərin TƏBİB-in tabeli tibb müəssisələrində işə qəbulunu aparırıq. Bu proqram çərçivəsində cərrahi və radioloji profilli ixtisaslar üzrə həkim-mütəxəssislərin həvəsləndirici əlavələrinin məbləği 6500 manatdan, terapevtik və pediatrik profilli ixtisaslar üzrə isə 5000 manatdan az olmamaq şərtilə müəyyən olunub. Bunlar hamısı həvəsləndirici məqsədlərlə edilir. Xaricdə təhsil almış, hətta orada yaşayan mütəxəssislərimiz də görür ki, artıq ölkəmizdə yeni imkanlar yaradılır. İnanıram ki, yaxın gələcəkdə ölkəmizə gəlib işləyən həkimlərimizin sayı daha da artacaq.

Bu yaxınlarda ilin ən önəmli tədbirlərindən biri də məhz bu məsələyə həsr edildi. Dünyadakı Azərbaycanlı Təbiblərin I Simpoziumunu keçirdik və dünyanın 13 ölkəsindən 120-dək həkim-mütəxəssisi Azərbaycana dəvət etdik. Onların hər biri ölkəmizdə səhiyyə sahəsində aparılan işlərlə tanış oldular, bir daha yenilikləri, yaradılmış şəraiti öz gözləri ilə gördülər. Növbəti il də biz bu cür tədbirlərimizi davam etdirməyi, kadr siyasətimizi gücləndirməyi düşünürük.

- Son günlər yoluxma sayında artım müşahidə olunan qızılca ilə də bağlı sizdən məlumatlar almaq istərdik. Bilmək istərdik, hazırda qızılca ilə bağlı vəziyyət nə yerdədir?

- Qızılca yüksək yoluxuculuq qabiliyyətinə malik xəstəlikdir. Peyvəndlənmə qızılca xəstəliyinə qarşı ən effektiv profilaktiki üsul hesab olunur. Hazırda vəziyyət kifayət qədər nəzarət altındadır və yoluxmalar daha çox məktəb və bağça yaşlı uşaqlar arasında üstünlük təşkil edir. Bu xəstəlik uşaqlıq dövrünün infeksion xəstəliklərindən hesab olunur, virus mənşəli xəstəlikdir və özü sağalan xəstəliklər qrupuna daxildir. Yəni bu, o deməkdir ki, xəstəliyin xüsusi spesifik müalicəsi yoxdur. Qızılca xəstəliyi adətən stasionar müalicəyə ehtiyacı olmayan, ev şəraitində izolyasiya olunaraq müalicə edilən xəstəlikdir. Bu xəstələr ailə sağlamlıq mərkəzlərinin həkimləri tərəfindən nəzarətə götürülür. Bəzən yoluxmuş şəxslərdə xəstəliyin ağırlaşma halları baş verə bilər. Bunlara pnevmoniya, orta qulağın iltihabı, bağırsaq mənşəli ağırlaşmalar, ensefalit, meningit və s. aiddir. Belə olan hallarda xəstələr TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən yoluxucu xəstəliklər şöbələrinə yatırılaraq müalicəyə cəlb olunurlar. Onu da qeyd edim ki, müalicə xərcləri icbari tibbi sığorta üzrə xidmətlər zərfi çərçivəsində ödənilir.

Nəzərinizə çatdırmaq istəyirəm ki, TƏBİB-in tabeliyində Bakı şəhəri üzrə 17, Sumqayıt şəhəri üzrə 2, regionlarda isə 48 yoluxucu xəstəliklər şöbəsi fəaliyyət göstərir, çarpayı sayı cəmi 1400-ə qədərdir.

Bu günə olan məlumata əsasən, bütün regionlar, Sumqayıt və paytaxt ərazisində yoluxma halları nəzarət altındadır, yoluxucu xəstəliklər şöbələrində kifayət sayda boş çarpayılar, ağırlaşma hallarının idarə olunması və ehtiyac yaranan hallarda xəstələri tibbi xidmətlə təmin etmək üçün bütün resurslar mövcuddur.

Təəssüf ki, əksər hallarda ağırlaşma halları ilə müraciət edən xəstələr qızılca əleyhinə peyvənd olunmamışlar olur. Bu isə peyvəndin nə dərəcədə effektiv müalicə üsulu olduğunu bir daha sübut edir.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən əhalinin sağlamlığının qorunması və yoluxmaların qarşısının alınması məqsədilə vaxtında qızılcaya qarşı vaksinasiyadan kənarda qalan, heç vaxt bu xəstəliyi keçirməyən 11-40 yaşlı əhali arasında vaksinasiya tədbirlərinin aparılması üçün müvafiq vaksin preparatları ölkəyə idxal edilib. Hazırda immunizasiya tədbirlərinin təşkilinə start verilib.

Tabeliyimizdəki tibb müəssisələrində - istər paytaxtda, istərsə də regionlarımızda yerləşən müəssisələrdə immunizasiya tədbirlərinin aparılması müvafiq təlimatlar əsasında həyata keçirilir./ AZƏRTAC