logo

Gələn ildən tibb müəssisələrinə vergi güzəşti tətbiq ediləcək

11:33 29-12-2023 | icon 2618
Gələn ildən tibb müəssisələrinə vergi güzəşti tətbiq ediləcək

Vergi Məcəlləsində edilmiş dəyişikliklərin əsas hədəfi sahibkarlıq fəaliyyəti subyektlərinin vergi yükünün optimallaşdırılması, sahibkarlıq fəaliyyətinin təşviqi, sosial xarakterli vergi güzəştləri ilə əhalinin vergi yükünün azaldılması, “kölgə iqtisadiyyatı”na qarşı mübarizə tədbirlərinin təkmilləşdirilməsidir.

Dövlət Vergi Xidmətindən YeniAvropa-ya bildirilib ki, biznesin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində mühüm dəyişikliklərdən biri də tibb müəssisələri üzrə vergi güzəştinin tətbiqi ilə bağlıdır. Səhiyyə sahəsi üzrə əməliyyatların şəffaflaşdırılması və vergi yükünün optimallaşdırılması məqsədilə tibb müəssisələrinə və özəl tibbi praktika ilə məşğul olan şəxslərə ƏDV üzrə güzəştlər verilib.

Qanunvericilikdə edilmiş son dəyişikliklərə əsasən, səhiyyə müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizinin 2024-cü il yanvarın 1-dən 3 il müddətinə vergi tutulan ümumi dövriyyədən çıxılması nəzərdə tutulur. Eyni zamanda, dövlət büdcəsinə hesablanarkən ƏDV məbləğinin azaldılmasından əldə edilən gəlirlər mənfəət və gəlir vergisindən azad olunub.