Türkiyənin ilk insanlı kosmik missiyasının reallaşacağı tarix bəlli olub. Beynəlxalq Kosmik Stansiyada (BKS) xidmət edəcək ilk türk kosmonavt Alper Gezeravcı 2024-cü il yanvarın 9-da kosmosa yola salınacaq.
YeniAvropa xəbər verir ki, bu barədə məlumatı Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır açıqlayıb.
Nazir bildirib ki, Alper Gezeravcı missiyasını ispan, italyan və isveçli astronavtlarla birlikdə həyata keçirəcək. Türk kosmonavt Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacaq və 13 fərqli elmi təcrübə həyata keçirəcək.
Kosmonavtın missiya dövründə taxacağı emblem haqqında məlumat verən nazir deyib ki, onların sırasında ay-ulduzlu Türk Bayrağı, 16 Türk dövlətini təmsil edən ulduzlar, Cümhuriyyətin 100-cü ildönümünü simvolizə edən 100 rəqəmi və Türkiyənin firuzəyi rəngli xəritəsi yer alır.