“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununu keçirəcək.
YeniAvropa xəbər verir ki, Azərbaycan çempionu H qrupundakı altıncı matçında Bakıda İsveçin “Hekken” komandasını qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də start götürəcək. Görüşün baş hakimi albaniyalı Yucin Caja olacaq. Ona laysmanlar Doxando Miftari və Rexdi Avdo kömək edəcəklər. Dördüncü hakim funksiyasını Olsion İzeray yerinə yetirəcək. VAR hakimi italiyalı Luka Pairetto, onun köməkçisi isə Valerio Marini olacaq. Hakimlərin işinə maltalı Alan Mario Santo qiymət verəcək.
Beş turdan sonra 7 xalla ikinci pillədə qərarlaşan “köhlən atlar”ın meydana qələbə üçün çıxacağı şübhə doğurmur. “Qarabağ” hətta heç-heçə və ya məğlubiyyət qeydə alınacağı halda belə, pley-off mərhələsinə adlaya bilər. Bunun üçün ağdamlılarla eyni xala malik, yalnız şəxsi oyunlara görə 3-cü sırada yer alan Norveç “Molde”si Almaniyada “Bayer”ə uduzmalı, yaxud da bərabərə qalmalıdır.
UEFA Avropa Liqası
H qrupu, VI tur
14 dekabr
21:45. “Qarabağ” (Azərbaycan) – “Hekken” (İsveç)
Baş hakim: Yucin Caja (Albaniya)
Tofiq Bəhramov adına Respublika Stadionu
Xal durumu: “Bayer” – 15, “Qarabağ” – 7, “Molde” – 7, “Hekken” – 0.