Ermənistanda Vazgen Sarkisyan adına Hərbi Universitetin yaxınlığında Müdafiə Nazirliyinin zabitləri ilə mülki şəxslər arasında baş verən bıçaqlanma nəticəsində zabit ölüb.
YeniAvropa xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Bildirilib ki, borcun qaytarılması tələbi ilə bağlı tərəflər arasında mübahisə düşüb. Qarşıdurmada 5-i hərbçi olmaqla, 8 nəfər iştirak edib. Söhbət zamanı borclu olan mülki şəxs hərbçilərin ünvanına təhqiramiz ifadələr işlədib. Bundan sonra o, özü ilə gətirdiyi bıçaqla müdafiə nazirliyinin zabitləri - baş leytenantlar Gevorq Marqaryan və David Sayadyana ağır bədən xəsarətləri yetirib. Təcili yardım maşını onları tibb mərkəzinə çatdırıb. Sonuncunun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin uyğun maddələri üzrə cinayət işi başlanıb. Hadisənin baş vermə şəraiti tam aydınlaşdırılması üçün ilkin araşdırma aparılır. Nazirliyin mətbuat katibi Aram Torosyan hərbi qulluqçularla bağlı təfərrüatları açıqlamaq istəməyib.