Qarabağda “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən iki layihə həyata keçirilir. Bunlardan biri olan Bərdə-Ağdam layihəsinin artıq böyük hissəsi tamamlanıb. Ağdam şəhərinə qədər dəmir yolu xətti çəkilib. İşlərin bütövlükdə 85 faizi icra olunub.
YeniAvropa xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov deyib.
O bildirib ki, qalan son işlər Təzəkənd, Köçərli və Bərdə stansiyaları ilə bağlıdır. Hazırda onların da tikintisi həyata keçirilir. Yaxın vaxtlarda tikinti işləri yekunlaşacaq. Ağdam avtovağzal və dəmir yolu komplekslərinin də tikintisinə başlanılması üçün layihə razılaşdırılma işləri həyata keçirilir.
"Horadiz-Ağbənd layihəsinin isə 45 faizi həyata keçirilib. Layihənin icrası sürətlə davam etdirilir. Layihənin tam yekunlaşdırılması 2025-ci il üçün nəzərdə tutulub. Hazırda 72 ci kilometrə qədər dəmiryolu xətti çəkilib”, - deyə R. Rüstəmov qeyd edib.