logo

İngiltərədə azərbaycanlı mütəxəssislər və iş adamlarının I forumu keçirilib

19:56 05-12-2023 | icon 1477
İngiltərədə azərbaycanlı mütəxəssislər və iş adamlarının I forumu keçirilib

Böyük Britaniyada yaşayan və müxtəlif sahələr üzrə ixtisaslaşmış azərbaycanlı mütəxəssislərin və iş adamlarının birinci forumu keçirilib.

Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən YeniAvropa-ya bildirilib ki, forumda turizm, logistika, hüquq, informasiya texnologiyaları (IT), təhsil, incəsənət, maliyyə və digər sahələr üzrə Birləşmiş Krallıqda çalışan azərbaycanlı mütəxəssislər eyni zamanda, iş adamları iştirak ediblər.

Tədbirdə çıxış edən “PAKA” şirkətlər qrupunun təsisçisi və icraçı direktoru Namiq Mirzəməmmədov Britaniyada çalışdıqları sahələr üzrə uğur qazanmış çoxsaylı həmvətənlərimizin olduğunu deyib. O, bu tədbirin keçirilməsində məqsədin onların bir araya gətirilməsi, öz təcrübələrini bölüşməsi, biznes imkanlarının inkişafı, eləcə də onların Azərbaycan ilə Birləşmiş Krallıq arasında münasibətlərin inkişafında fəal iştirakının təmin edilməsindən ibarət olduğunu bildirib.

Çıxış zamanı, həmçinin “Paka” şirkətlər qrupunun logistika sahəsi üzrə fəaliyyəti barədə məlumat verilib, Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Orta Dəhlizin perspektivləri barədə danışılıb. N.Mirzəməmmədov Ələt Azad İqtisadi Zonasında yaradılmış ticarət imkanlarının dünyada unikal xarakter daşıdığını qeyd edib və bunun Azərbaycanda həyata keçirilən islahatların bariz nümunəsi olduğunu vurğulayıb.

Tədbirə fəxri qonaq qismində dəvət olunan Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanov çıxışında təşkilatçılara təşəkkürünü bildirərək, müxtəlif sahələr üzrə uğur qazanan bu qədər həmvətənimizi görməyin qürurverici olduğunu deyib, hər bir azərbaycanlının uğurunun həm də dövlətimizin nailiyyəti olduğunu vurğulayıb. Diplomat Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qüdrətli dövlətə çevrildiyini, torpaqlarımızın işğaldan azad edildiyini, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu diqqətə çatdırıb.

Səfir çıxışında Qarabağda, işğaldan azad edilmiş digər ərazilərimizdə aparılan bərpa və yenidənqurma işləri barədə məlumat verib. Bu ərazilərdə xarici və yerli investorlar üçün infrastruktur, yaşıl enerji, kənd təsərrüfatı, istehsal, xidmət sahələri üzrə güzəştli şərtlərlə biznes imkanlarının yaradıldığını bildirib. Xüsusilə işğaldan azad edilmiş ərazilərin yaşıl enerji zonasına çevriləcəyini bildirən E.Süleymanov ölkəmizin bərpaolunan enerji üzrə potensialından söhbət açıb və ölkəmizin yaşıl enerji dəhlizi vasitəsilə Avropa ilə yaşıl enerji mübadiləsi aparmaq niyyəti olduğunu vurğulayıb.

Eyni zamanda, noyabrın 10-da və 13-də Britaniya Azərbaycan Ticarət Palatasının (BCCA) təşkilatçılığı ilə London şəhərində Britaniyada biznes qurmaq istəyən azərbaycanlı iş adamları və Azərbaycanda biznes qurmaqda maraqlı olan britaniyalı iş adamları üçün dəyirmi masaların təşkil edildiyi qeyd olunub. Belə tədbirlərin iki ölkə arasında ticari-iqtisadi sahədə əməkdaşlığın inkişafı baxımından böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb. Bundan əlavə, Azərbaycanda və Böyük Britaniyada biznesin yaradılması və inkişaf etdirilməsi barədə maarifləndirici işlərin aparılmasının vacibliyi diqqətə çatdırılıb.

Diplomat Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında həmvətənlərimizin fəal iştirak etmələrinin vacibliyinə toxunub. O, bu xüsusda tədbirdə iştirak edən Fərəh Qreiqin sosial şəbəkələrdə fəallığı ilə seçildiyini bildirib. Londonda fəaliyyət göstərən Britaniya Avropa Azərbaycan Məktəbinin diaspor nümayəndələrimizin övladlarının milli ruhda yetişmələri istiqamətində fəaliyyətini alqışladığını vurğulayıb, bu məktəbdə könüllü əsasda müəllim kimi çalışan Səbinə Quliyevaya, Rauf Xəlilova və Səbinə Rakçeyevaya təşəkkürünü bildirib.

Sonra forum Britaniya Avropa Azərbaycan Məktəbinin təsisçisi Səbinə Quliyevanın moderatorluğu ilə panel müzakirələrlə davam edib. Panel müzakirələrində “Mergul” hüquq firmasının təsisçisi və icraçı direktoru Rauf Xəlilov, “Halal Booking” şirkətinin həmtəsisçisi və icraçı direktoru Elnur Seyidli, Miqrasiya hüququ üzrə mütəxəssis Fərəh Qreiq, Avropa Mədəniyyət Parlamentinin üzvü, tanınmış skripkaçı Səbinə Rakçeyeva çıxış ediblər. Natiqlər Birləşmiş Krallıqda biznes imkanları, mövcud çətinliklər və onların həlli yolları, ölkəmizin biznes və investisiya potensialının Birləşmiş Krallıqda təqdim edilməsi, iki ölkə arasında potensial əməkdaşlıq sahələrinə dair fikirlərini bölüşüblər.

Tədbir iştirakçıları, həmçinin səfirliyin konsulluq xidmətləri və səfirlik tərəfindən elektron növbə portalının istifadəyə verildiyi barədə məlumatlandırılıb. Bununla yanaşı, “ASAN Viza” rəsmi elektron viza portalının istifadəyə verilməsinin ölkəmizin turizm sektoruna verdiyi töhfə və turistlərin Azərbaycana cəlb edilməsinin vacibliyi barədə söhbət açılıb. İştirakçılar elektron viza portalının istifadəyə verilməsindən sonra viza prosedurunun asanlaşmasından məmnunluqlarını ifadə ediblər.