ABŞ inkişaf etməkdə olan ölkələrin Paris Sazişinin hədəfinə nail olmaları üçün BMT-nin İqlim Dəyişikliyi Konvensiyası çərçivəsində yaradılan Yaşıl İqlim Fonduna 3 milyard dollar ayıracaq.
YeniAvropa xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Kamala Harris deyib.
“Biz inkişaf etməkdə olan ölkələrin dayanıqlı yüksəlişə, təmiz enerjiyə və təbiətin mühafizəsinə sərmayə yatırmaları üçün lazım olan kapitala çıxış imkanı yaradılmasına kömək edən Yaşıl İqlim Fonduna əlavə olaraq 3 milyard dollar ayıracağıq”, - deyə Kamala Harris BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Dubayda keçirilən 28-ci Tərəflər Konfransında (COP28) bildirib.
Dekabrın 12-dək davam edəcək konfransda müxtəlif ölkələrdən 70 mindən çox nümayəndə, o cümlədən iri biznes və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, tədqiqatçılar, ekspertlər və jurnalistlər iştirak edir.