logo

Belqrad-Bakı birbaşa aviareysi açılır 

18:18 01-12-2023 | icon 1701
Belqrad-Bakı birbaşa aviareysi açılır 

Əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayevin başçılıq etdiyi nümayəndə heyəti Serbiyada bir sıra hökumət rəsmiləri ilə görüşlər keçirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, Serbiyanın daxili və xarici ticarət naziri Tomislav Momiroviç ilə görüşdə Azərbaycan ilə Serbiya prezidentlərinin dostluq münasibətləri, birgə səyləri ilə strateji tərəfdaşlıq və qarşılıqlı hörmət prinsipləri əsasında bütün sahələrdə ikitərəfli əlaqələrin inkişaf etməkdə olduğu vurğulanıb.

İki ölkənin iqtisadi və ticarət əlaqələrinin icmalı, bu sahədə əməkdaşlıq gündəliyinin genişləndirilməsi, ticarət dövriyyəsində davamlı artıma nail olunması imkanları, ixrac edilə bilən məhsullar və potensial ixrac bazarlarına dair fikir mübadiləsi aparılıb. İki ölkə arasında viza rejiminin aradan qaldırılmasının önəmi qeyd edilib.

Serbiyanın dağ-mədən və energetika naziri Dubravka Cedoviç, tikinti, nəqliyyat və infrastruktur naziri Qoran Vesiç ilə də görüşlər olub.

Görüşlərdə qaz təchizatı sahəsində imzalanmış sənədlərin icrası, Azərbaycandan Serbiyaya qaz tədarükü ilə bağlı fikir mübadiləsi aparılıb. Serbiyanın Gürcüstan-Rumıniya Qara dəniz sualtı enerji və rəqəmsal əlaqə layihəsinə cəlb edilməsi və elektrik enerjisi ticarəti imkanları nəzərdən keçirilib.

Eləcə də Azərbaycan və Serbiya arasında Belqrad-Bakı-Belqrad marşrutu üzrə birbaşa aviareyslərin yaxın vaxtlarda işə salınması üçün aparılan işlərdən bəhs olunub. İkitərəfli və tranzit yük axınlarının artırılması, infrastruktur sahəsində əməkdaşlığın davam etdirilməsi və s. məsələlər ətrafında müzakirələr aparılıb.