İlk hissədə öz səhvimizdən qol buraxdıq. Amma buraxılan qoldan sonra çoxlu fürsətimiz oldu. Futbolçularımın çıxışından razı qaldım.
YeniAvropa xəbər verir ki, bu sözləri Norveçin "Molde" komandasının baş məşqçisi Erlinq Mo UEFA Avropa Liqasının qrup mərhələsində evdə "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri V turun oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis son dəqiqələrdə buraxdıqları qola görə məyus olduqlarını bildirib: "Təəssüf ki, qələbə hesabını qoruya bilmədik. Düşünürəm ki, biz bu gün daha yaxşı nəticəyə layiq idik".
O, "Qarabağ"ın çox yaxşı komanda olduğunu vurğulayıb: "Fərdi keyfiyyətləri yüksək olan oyunçuları var. Ona görə də rəqib barədə mənfi fikirlər səsləndirə bilmərəm. Bakıdakı matçda "Qarabağ" bizdən yaxşı oynadığı üçün qələbə qazanmışdı. Bu gün isə biz daha üstün idik. Buna görə komandama təşəkkür edirəm. Şansımız var. Ona görə də hələ "Qarabağ"ı təbrik etməyəcəyəm. "Qarabağ"ın şansı bizdən daha çoxdur. Son turda hər iki komandaya uğurlar arzu edirəm".