logo

Qurban Qurbanov: Heç-heçə bizim üçün yaxşı nəticədir

09:00 01-12-2023 | icon 1645
Qurban Qurbanov: Heç-heçə bizim üçün yaxşı nəticədir

"Çox uğurlu nəticə oldu. Daha yaxşısını gözləyirdim. Fikirləşirdim ki, meydana və hava şəraitinə daha tez uyğunlaşarıq. Matçdan öncə də demişdim ki, çətinliklərə dözmək lazım olacaq. Bir xal bizim üçün yaxşı nəticədir. Amma arxayınlaşmaq olmaz. "Hekken"lə Bakıdakı matçda daha diqqətli oynamalıyıq".

YeniAvropa xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsində Norveçdə "Molde" ilə 2:2 hesablı heç-heçə etdikləri V turun oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis bildirib ki, ikinci hissədə edilən məcburi əvəzetmələr gözlənilməz oldu: "Molde" çox keyfiyyətli komandadır. Onları ciddiyə almaq lazımdır. Hamı meydanda nə edəcəyini bilir. Rəqib ilk hissədə yaxşı oynadı. İkinci hissədə vəziyyəti düzəltsək də, meydan sahibləri iki top vurmağı bacardılar. Əvəzetmədən meydana daxil olan futbolçular da pis təsir bağışlamadılar".

Q.Qurbanovun sözlərinə görə, bu cür oyunlarda son dəqiqələrdə qol vurmaq çox vacibdir: "Bu, komandaya əlavə motivasiya verir. Bakıda "Bayer"ə uduzduğumuz görüşdə buraxılan qola futbolçularım çox üzülmüşdülər. Bu dəfə isə özümüz qol vurub sevindik. Bakıdakı matçda maksimum diqqətli olmağa çalışacağıq".

Təcrübəli mütəxəssis orta xətdə müəyyən çatışmazlıqların olduğunu etiraf edib: "Julio Romaonun olmaması, Juninyonun zədələnməsi planlarımızı pozdu. Biz hər zaman yaxşı oyunçu axtarışındayıq. Qışda istədiyimiz futbolçuları tapsaq, transfer edəcəyik".

O, son dəqiqələrdə vurulan qoldan da danışıb: "Bəhlul künc zərbəsindən sonra rəqibin cərimə meydançasında qaldı. Hətta həmin vaxt tapşırmışdım ki, riskə getməmək üçün Patrik Andrade irəlidə olsun, Bəhlul öz mövqeyinə qayıtsın. Amma belə alındı, müdafiəçimiz də öz üstün keyfiyyətindən istifadə edib fərqləndi".

Baş məşqçi son turda qarşılaşacaqları İsveç "Hekken"inin Bakıya iddialı gələcəyini vurğulayıb: "Rəqib xal qazana bilməyib. Çox aqressiv oynayacaqlar. Həddindən artıq istəkli olsaq, bu, oyunumuza mənfi təsir edə bilər".

Q.Qurbanov oyun ərzində ciddi həyəcan keçirmədiyini söyləyib: "Sadəcə, düşünürdüm ki, şansımız var. Qalib gəlib işi burada bitirə bilərdik. Amma Bakıdakı matça hazırlaşmalı olacağıq".