Bu gün - hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatının ikinci günündə Azərbaycanın daha 7 güləşçisi xalçaya çıxacaq.
YeniAvropa xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində təşkil olunan mundialda 5 kişi, 2 qadın güləşçimiz mübarizə aparacaq.
Kişilər arasında Ceyhun Allahverdiyev (61 kiloqram), Orxan Abbasov (79 kiloqram), Fərid Cabbarov (86 kiloqram), Zəfər Əliyev (97 kiloqram) və Rahid Həmidli (125 kiloqram) qüvvələrini sınayacaqlar.
Qadınların mübarizəsində isə Şirinova Gültəkin (53 kiloqram) və Ruzanna Məmmədova (59 kiloqram) medallar uğrunda yarışacaqlar.
Qeyd edək ki, turnirin ilk günü Əli Rəhimzadə (65 kiloqram), Hacı Əliyev (70 kiloqram), Turan Bayramov (74 kiloqram) və İbrahim Yusubov (92 kiloqram) qızıl medal qazanıblar. Elnurə Məmmədova (52 kiloqram) ikinci, Nərgiz Səmədova (50 kiloqram) isə üçüncü yerləri tutublar.