Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2-3 dekabr tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq. Yarmarkanın keçirilməsində əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, həmçinin şəhər sakinlərini təbii və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindənYeniAvropa-ya bildirilib ki, budəfəki yarmarkada ümumilikdə 40 rayondan 60 fermer iştirak edəcək. Fermerlər 80-ə yaxın çeşiddə təbii kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.
Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun “Gənclik” stansiyasının yanı) ünvanında keçiriləcək yarmarkada satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Belə ki, yarmarkada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar laboratoriyanın xidmətlərindən faydalana biləcəklər.
Fermerlər yarmarkada ödənişsiz olaraq piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla təmin olunacaqlar. Həmçinin, məhsulların daşınmasında çətinlik çəkən fermerlərə loqistik dəstək göstərilərək məhsulları təsərrüfatlarından birbaşa yarmarka keçirilən ünvanlara qədər daşınacaq.