Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı davam edir.
Azərbaycan Boks Federasiyasından YeniAvropa-ya verilən məlumata görə, yarışın üçüncü günündə milli komandanın daha iki üzvü mərhələ adlayıb.
60 kiloqramda Maqsud Xasmetov ardıcıl ikinci görüşünü qələbə ilə başa vurub. O, 1/8 finalda irlandiyalı Kallum Ovensi də mübarizədən kənarlaşdırıb – 4:1 (28:29, 29:28, 29:28, 29:28, 29:28).
Boksçu üçüncü döyüşündə rusiyalı Konstantin Opolski ilə üz-üzə gələcək.
“Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edən Murad Allahverdiyev də adını 1/4 finala yazdırıb. O, italiyalı Kromvell Kommeyalfredi 4:1 (29:28, 30:26, 30:26, 28:29, 29:28) hesabı ilə məğlub edib. Allahverdiyev növbəti döyüşünü Delil Dadayevə (Almaniya) qarşı keçirəcək.
1/4 final mərhələsinin qarşılaşmaları noyabrın 16-da olacaq.
Qeyd edək ki, yarışın dördüncü günündə Azərbaycan millisinin daha 2 boksçusu mübarizəyə qoşulacaq.