logo

Sambo Federasiyası erməni nazir müavinin açıqlamalarına cavab verib

16:56 14-11-2023 | icon 1673
Sambo Federasiyası erməni nazir müavinin açıqlamalarına cavab verib

Azərbaycan Sambo Federasiyası (ASF) Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Karen Giloyanın səsləndirdiyi təxribatçı fikirlərə cavab verib.

Federasiyadan YeniAvropa-ya bildirilib ki, Giloyanın Azərbaycan idmançılarının noyabrın 10-12-də İrəvanda keçirilmiş sambo üzrə dünya çempionatında iştirak etməməsinin səbəbləri barədə yerli KİV-ə açıqlaması yalan və böhtanla doludur.

Bəyanatda ASF-in heç bir sanksiyaya məruz qalmadığı qeyd edilib: “Azərbaycan və Türkiyə millilərinin dünya çempionatına qatılmamasının səbəbi KİV-ə yalan məlumat ötürülməklə çatdırılıb. Bildirmək istəyirik ki, Azərbaycan Sambo Federasiyası Beynəlxalq Sambo Federasiyası (FIAS) tərəfindən diskvalifikasiya olunmayıb. Buna bariz nümunə kimi FIAS-a 18 oktyabrda göndərdiyimiz rəsmi məktubdur. Orada göstərilib ki, aprel ayında İrəvanda keçirilmiş ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın Dövlət Bayrağı yandırılıb. İdman dəyərlərinə sığmayan bu hərəkəti və idmançılarımızın təhlükəsizliyinin qoruna bilinməyəcəyini nəzərə alaraq, yarışda iştirak etməyəcəyimizi bildirmişik”.

“Bundan əlavə, Azərbaycan millilərinin diskvalifikasiya olunmadığını göstərən digər amil idmançılarımızın oktyabrın 6-8-də Qırğızıstanın paytaxtı Bişkekdə yeniyetmə və gənclər arasında keçirilmiş dünya çempionatında iştirakıdır. Ermənistan KİV-ni səhv məlumat yaymamağa, verilən istənilən açıqlamanı beynəlxalq qurumlar vasitəsilə dəqiqləşdirməyə çağırırıq”, - bəyanatda vurğulanıb.