Şimali Koreya xarici ölkələrdəki onlarla diplomatik nümayəndəliyini bağlamağı planlaşdırır.
YeniAvropa xəbər verir ki, Pxenyan İspaniya, Honkonq və Afrika ölkələri də daxil olmaqla, diplomatik missiyalarının 25 faizini ləğv edə bilər. Artıq KXDR-in Anqola və Uqandadakı səfirlikləri bağlanıb. Eyni zamanda, İspaniyadakı diplomatik missiyanın da fəaliyyətini dayandıracağı və onun işlərinin İtaliyadakı nümayəndəlik tərəfindən idarə ediləcəyi bildirilir.
Ekspertlərin fikrincə, diplomatik missiyaların bağlanmasına nüvə və raket proqramlarına görə Pxenyanın maliyyə mənbələrinə yönələn beynəlxalq sanksiyaların təsiri səbəb olub. Belə ki, Şimali Koreya diplomatik missiyaları saxlanmaqda çətinlik çəkir.
Qeyd edək ki, KXDR-in hazırda 159 ölkə ilə rəsmi əlaqələri var, xaricdə üç konsulluq və üç nümayəndəlik də daxil olmaqla 53 diplomatik missiyası mövcuddur.