logo

Tbilisidə Azərbaycan Dövlət Dram Teatrının yeni binasının təməli qoyulub

14:34 27-10-2023 | icon 6923
Tbilisidə Azərbaycan Dövlət Dram Teatrının yeni binasının təməli qoyulub

Gürcüstanda səfərdə olan Azərbaycanın baş naziri Əli Əsədov oktyabrın 27-də Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə birlikdə Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının təməlinin qoyulması mərasimində iştirak edib.

YeniAvropa xəbər verir ki, təməlqoyma mərasimində çıxış edən baş nazir Əli Əsədov Azərbaycan və gürcü xalqlarının əsrlər boyu dostluq, mehriban qonşuluq, sülh və qarşılıqlı anlaşma şəraitində yaşamasını şərtləndirən əsas amilin tarixi köklərə söykənən mədəni əlaqələr olduğunu vurğulayıb. Bildirib ki, həm Azərbaycanda, həm də Gürcüstanda tarixən xalqlarımızın milli-mənəvi dəyərlərinə, mədəniyyətinə, dilinə, dininə, incəsənətinə, ədəbiyyatına böyük hörmət və xüsusi rəğbət bəslənilib. Azərbaycanın bir çox görkəmli xadimləri, böyük şəxsiyyətləri - Mirzə Fətəli Axundzadə, Mirzə Şəfi Vazeh, Fətəli xan Xoyski Gürcüstanda yaşayıb-yaratmış, əbədiyyətə qovuşmuşlar. Eynilə Gürcüstanın bir çox mədəniyyət və incəsənət xadimləri, görkəmli şəxsiyyətləri Azərbaycanda fəaliyyət göstərmiş, ictimai və mədəni həyatımıza mühüm töhfələr vermişlər.

1872-ci ildə Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının fəaliyyətə başlamasını ölkələrimiz arasında əsrlərə dayanan mədəni əlaqələrin daha bir göstəricisi olduğunu vurğulayan baş nazir deyib:

“Teatrın uzunmüddətli fəaliyyəti dövründə gürcü, Azərbaycan və dünya ədəbiyyatı klassiklərinin ölməz əsərləri böyük uğurla səhnələşdirilib. Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına müasir tərzdə yeni nəfəs verilməsi tarixi hadisədir. Teatrın yeni binasının Tbilisi şəhərinin önəmli gözəl guşəsində yerləşməsi ilə bağlı qərarı çox yüksək qiymətləndiririk”.