NATO-nun baş katibi Yens Stoltenberq Moldovanın baş naziri Dorin Reçanı əmin edib ki, Şimali Atlantika Alyansı Kişineunu dəstəkləməyə davam edəcək.
YeniAvropa Moldova hökumətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Yens Stoltenberq bunu Brüsseldə Dorin Reçan ilə görüşündə deyib.
“Rusiya Moldovaya təzyiqi, o cümlədən enerji şantajını davam etdirir, eyni zamanda, cəmiyyətdə qeyri-sabitlik yaratmaq və demokratiyanı sarsıtmaq məqsədilə dezinformasiya yayır. Moldova bunlara qətiyyətlə cavab verir”, - deyə Yens Stoltenberq bildirib.
“Kişineu NATO-nun dəstəyinə arxalana bilər. Şimali Atlantika Alyansına üzv ölkələr ilin əvvəlində kibertəhlükəsizlik və strateji kommunikasiyaların inkişafı üçün Moldovaya əlavə dəstək barədə razılığa gəlib. Vilnüsdə keçirilən sammitdə isə praktiki və siyasi əməkdaşlığın davam etdirilməsi qərara alınıb. Bu, eyni zamanda Avropa İttifaqına üzvlüklə bağlı Kişineuya kömək olacaq”, - deyə NATO-nun Baş katibi əlavə edib.
Dorin Reçan isə öz növbəsində Moldovanın müdafiə qabiliyyətini gücləndirmək niyyətində olduğunu vurğulayıb. Onun sözlərinə görə, Kişineu NATO-nun beynəlxalq sülhməramlı missiyalarında və hərbi təlimlərində iştirakda maraqlıdır.