ABŞ İsrailin Qəzza sektorunda yerüstü əməliyyatı ərəfəsində Amerika qoşunlarına artan hücumlarla bağlı İraq, Suriya və körfəz ölkələrində həftə sonadək onlarla hava hücumundan müdafiə və raket əleyhinə sistemlər yerləşdirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri rəsmi şəxslərə istinadla məlumat yayıb.
Məlumata görə, Pentaqon Səudiyyə Ərəbistanına raket əleyhinə THAAD (Terminal High Altitude Area Defense) sistemləri, Küveyt, İordaniya, İraq, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə “Patriot” zenit-raket kompleksləri göndərib.
Pentaqonun mətbuat katibi Patrik Rayderin sözlərinə görə, bu vasitələr ABŞ-ın regiondakı qüvvələrinin müdafiəsinin gücləndirilməsinə yönəlib.
Qeyd edək ki, oktyabrın 19-da Birləşmiş Ştatların İraqın Ənbər əyalətində yerləşən Ayn-əl-Əsəd hərbi bazası raket və pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. Oktyabrın 20-də İraqın Ərbil şəhərinin ətrafında yerləşən hərbi aerodroma iki PUA ilə hücum edilib. İraqın hava hücumundan müdafiə qüvvələri, həmçinin ABŞ-ın Bağdad aeroportu rayonundakı Kemp-Viktoriya bazası üzərində bir PUA-nı vurmağa müvəffəq olub.