BMT-nin baş katibi Antonio Quterreş Misirin Sinay yarımadasının şimalında yerləşən Əl-Ariş şəhərinə gəlib.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, Antonio Quterreş Əl-Ariş şəhərindən “Rafah” nəzarət-buraxılış məntəqəsinə yollanacaq. O, fələstinli sakinlərə humanitar yardım aparan ilk yük avtomobillərinin sərhədi keçməsinə şəxsən nəzarət etmək niyyətindədir.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS hərəkatının silahlı qanadı olan “İzzəddin əl-Kassam” briqadasının İsrailin nəzarətində olan ərazilərə hücumlarından sonra Yaxın Şərqdə vəziyyət gərginləşib. İsrail tərəfi HƏMAS-ın hücumuna cavab olaraq Qəzza sektoruna, Livan və Suriyanın ayrı-ayrı rayonlarına zərbələr endirməyə başlayıb.