Gürcüstan parlamentinin plenar iclasında prezidentin impiçment yolu ilə vəzifəsindən kənarlaşdırılması məsələsinin müzakirəsinə başlanılıb.
YeniAvropa yerli KİV-ə istinadla xəbər verir ki, müzakirələrdə prezident Salome Zurabişvili də iştirak edir. Plenar iclasda suallar veriləcək və siyasi bəyanatlar səsləndiriləcək.
Salome Zurabişvili parlamentin iclas zalına daxil olan zaman müxalifətdən yalnız bir neçə deputat ayağa qalxıb.
Parlament çoxluğunun lideri İrakli Kobaxidze prezidentin impiçmenti məsələsi ilə bağlı danışıb. Bu gün müzakirələrdən sonra məsələ səsverməyə çıxarılacaq. Prezidentin impiçmenti üçün 100 səs lazımdır.