Gürcüstan prezidentinin impiçmentinə dair səsvermə ölkə parlamentində bu həftə ərzində keçiriləcək.
YeniAvropa xəbər verir ki, bu barədə hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze bildirib. Onun sözlərinə görə, gürcü xalqının 2020-ci ildə seçdiyi deputatların əksəriyyəti Salome Zurabişvilinin artıq Gürcüstan prezidentinin yüksək statusunun daşıyıcısı olmağa layiq olmadığını təsdiqləyəcək.
İ.Kobaxidze deyib: “Biz başa düşürük ki, Salome Zurabişvilinin vəzifəsindən kənarlaşdırılması üçün 100 səs toplamaq şansı praktiki olaraq yoxdur. Bununla belə, ümid edirik ki, ən azı bir neçə müxalif deputat Salome Zurabişvilinin Gürcüstan Konstitusiyasını kobud şəkildə pozmasını cavabsız qoymamaq üçün kifayət qədər vətənpərvərliyə və ya peşəkar ləyaqətə sahib olacaq”.
Qeyd edək ki, Gürcüstan parlamentinin 150 deputatından 100-ü dəstəklədiyi halda S.Zurabişvilinin impiçmenti baş tutacaq. Hakim “Gürcü Arzusu” isə parlamentdə 84 mandata sahibdir.