logo

AFFA İntizam Komitəsi klubları cərimələdi

15:15 12-10-2023 | icon 1694
AFFA İntizam Komitəsi klubları cərimələdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

YeniAvropa xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının IX turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Zirə” – “Turan Tovuz” oyununda (2:1) qonaq komandanın azarkeşləri görüşün hakimlərinin ünvanına kütləvi şəkildə qeyri-etik ifadələr səsləndirdiyinə və bu hal mövsümdə ilk dəfə yaşandığına görə qərb təmsilçisinə xəbərdarlıq edilib.

“Sabah” – “Araz-Naxçıvan” (1:1) matçında isə ev sahibi komandanın fanatları analoji hərəkətə yol verdiklərinə və bu hal mövsümdə ikinci dəfə yaşandığına görə Bakı klubu 500 manat cərimələnib. Bundan başqa, qarşılaşma bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğu üçün “Sabah” klubu əlavə 800 manat cərimə ödəyəcək.

“Sumqayıt”la oyunda (1:0) “Kəpəz”in 4 futbolçusu sarı vərəqə alaraq, Gəncə təmsilçisini 700 manat ziyana salıb. Həmçinin topdaşıyan uşaq rəqib künc zərbəsini yerinə yetirərkən topu kənara atdığı üçün “Sumqayıt” klubu 1500 manat cərimə edilib.

“Neftçi” – “Qarabağ” matçında (0:2) “ağ-qaralar”ın məşqçiləri Sənan Qurbanov və Miodraq Todorov hakimin qərarına etiraz etdiklərinə görə birbaşa qırmızı vərəqə aldıqları üçün biri şərti olmaqla 2 oyun cəzalanıblar. Məşqçilərin davranışına görə klub 1500 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib. Bundan əlavə, “Neftçi” oyun zamanı fotoqraflar mövqelərini dəyişdiklərinə və icazə verilməyən yerlərdən çəkiliş apardıqlarına görə 500 manat, matçdan sonra meydan kənar şəxslər daxil olduğu üçün isə 800 manat cərimə ödəyəcək.

Qarşılaşmadan sonra miks-zona düzgün təşkil edilmədiyinə, stadionun tunelində insanlar çox olduğuna, həmçinin futbolçular avtobusa rahat daxil ola bilmədiklərinə görə “Neftçi” klubuna xəbərdarlıq edilib.

Həmin oyunda “Qarabağ”ın futbolçusu Toral Bayramovun formasının rəqəmləri fərqli olduğuna görə Ağdam klubu 1000 manat cərimələnib. Bundan başqa, “Qarabağ” azarkeşləri kütləvi şəkildə rəqib komandanın ünvanına qeyri-etik ifadələr səsləndirildiyinə və bu hal mövsümdə ikinci dəfə yaşandığına görə “Qarabağ” klubu 500 manat cərimə edilib.