logo

Fələstin prezidenti ABŞ-ın dövlət katibi ilə görüşəcək

11:55 12-10-2023 | icon 2485
Fələstin prezidenti ABŞ-ın dövlət katibi ilə görüşəcək

Oktyabrın 13-də Fələstin prezidenti Mahmud Abbas ABŞ-ın dövlət katibi Entoni Blinken ilə görüşəcək.

YeniAvropa xəbər verir ki, bu barədə Fələstinin mülki məsələlər üzrə naziri, Fələstin Azadlıq Təşkilatının icraiyyə komitəsinin sədri Hüseyn əl-Şeyx sosial şəbəkə hesabında yazıb. O, həmçinin bu gün Mahmud Abbasın müharibənin dayandırılması üçün göstərdiyi səylər çərçivəsində Omanda İordaniya kralı II Abdullah ilə görüşəcəyini bildirib.

ABŞ Dövlət Departamenti isə öz növbəsində Entoni Blinkenin İsrail və İordaniyaya səfərindən sonra Yaxın Şərqin digər ölkələrinə gedəcəyini qeyd edib.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS hərəkatının silahlı qanadı olan “İzzəddin əl-Kassam” briqadasının İsrail ərazisinə hücumlarından sonra Yaxın Şərqdə vəziyyət kəskinləşib. İsrail tərəfi HƏMAS-ın hücumuna cavab olaraq Qəzza sektoruna, Livan və Suriyanın ayrı-ayrı rayonlarına zərbələr endirməyə başlayıb. Son məlumata görə, döyüşlər və bombardmanlar nəticəsində 1,5 min israilli və 1,1 min fələstinli həlak olub.