logo

“Qarabağ” İsveçə üçüncü səfəri: Uğurlu seriya davam edəcəkmi?

13:32 05-10-2023 | icon 1960
“Qarabağ” İsveçə üçüncü səfəri: Uğurlu seriya davam edəcəkmi?

“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində İsveçin “Hekken” komandası ilə qarşılaşacaq.

YeniAvropa xəbər verir ki, bu, Ağdam klubunun isveçlilərlə üçüncü dueli olacaq.

“Köhlən atlar” Skandinaviya ölkəsinin təmsilçiləri ilə ilk dəfə 2013/2014-cü illər mövsümündə üz-üzə gəlib. Avropa Liqasının III təsnifat mərhələsinə təsadüf edən oyunlarda rəqib “Gefle” klubu olub. Bakıdakı ilk oyun Azərbaycan təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 89-cu dəqiqədə Reynaldo Silva vurub. Bir həftə sonra keçirilmiş cavab matçı da “Qarabağ”ın xeyrinə başa çatıb – 2:0. Hesabı 41-ci dəqiqədə Çumbinyo açıb. İlk görüşdə ağdamlılara qələbə qazandıran Reynaldo Silva ikinci qarşılaşmada da fərqlənməyi bacarıb. 50-ci dəqiqədə rəqib qapısına yol tapan braziliyalı hücumçu yekun hesabı müəyyənləşdirib.

“Qarabağ”ın İsveç klubları ilə yolu növbəti dəfə 2016/2017-ci illər mövsümündə yenə Avropa Liqasında kəsişib. Turnirin pley-off mərhələsində “Höteborq”la qarşılaşan Qurban Qurbanovun komandası İsveçdəki birinci oyunda rəqibinə 0:1 hesabı ilə uduzub. Lakin Bakıdakı cavab matçında qonaqları darmadağın edən Azərbaycan klubu Avropa Liqasının qrup mərhələsində oynamaq hüququ qazanıb. Həmin görüşdə “Qarabağ”ın qollarını 19-cu dəqiqədə Rəşad Sadıqov, 26-cı dəqiqədə Muarem Muarem və 51-ci dəqiqədə Dani Kintana vurublar.

Qeyd edək ki, Höteborqdakı “Ullevi” stadionunda keçiriləcək “Hekken” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.