logo

Antiterror əməliyyatında şəhid olan 11 nəfərin şəxsiyyəti müəyyən edilməyib

11:33 27-09-2023 | icon 5810
Antiterror əməliyyatında şəhid olan 11 nəfərin şəxsiyyəti müəyyən edilməyib

Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 2023-cü il sentyabrın 19-dan 20-dək həyata keçirilən uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilib. Lokal antiterror tədbirləri zamanı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olub. Şəhid olmuş hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları, 1 nəfər isə mülki şəxsdir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, 11 nəfərin şəxsiyyəti Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcək.

Eyni zamanda, lokal antiterror tədbirləri nəticəsində 511 hərbi qulluqçu və 1 mülki şəxs yaralanıb.

Yaralıların ən qısa zamanda müalicəsi üçün yüksək səviyyəli peşəkar həkim briqadaları fəaliyyət göstərir və bütün zəruri tibbi tədbirlər görülür. Yaralı hərbçilərimizin tezliklə öz sağlamlıqlarına qovuşmasını arzu edirik.

Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş bütün hərbi qulluqçularımızın əziz xatirəsini yad edir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.