Bakıda keçiriləcək cüdo üzrə Böyük Dəbilqə turniri ilə bağlı Milli Gimnastika Arenasında artıq son işlər görülür. Bu məqsədlə 150-yə yaxın işçi cəlb olunub. Yarış zamanı isə bir o qədər könüllü fəaliyyət göstərəcək.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətinin rəhbəri Ülkər Abbasova məlumat verib.
Onun sözlərinə görə, ötən illərlə müqayisədə bu dəfə Böyük Dəbilqədə iştirakçı sayı daha çox olacaq: “Turnirdə 64 ölkədən 500-ə yaxın cüdoçunun iştirakı gözlənilir. Yarışa maraq çox böyükdür. Çünki qarşıda “Paris-2024” Yay Olimpiya Oyunları var. Bakıdakı yarış idmançılara Olimpiadaya lisenziya xalları qazanmaq üçün şərait yaradacaq. Azərbaycan turnirdə 33 cüdoçu ilə təmsil olunacaq”.
Qeyd edək ki, Böyük Dəbilqə turniri 22-24 sentyabr tarixlərində keçiriləcək.