Çox sevincliyəm. İdmançı karyeram ərzində iştirak etdiyim ən güclü yarış oldu. Xoşbəxtəm ki, mundialdan Vətənə medalsız qayıtmadım.
YeniAvropa xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilmiş dünya çempionatında üç bürünc medal qazanan Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli jurnalistlərə açıqlamasında deyib.
O, başda Gənclər və İdman Nazirliyi olmaqla, hər kəsə öz təşəkkürünü bildirib: “Azərbaycan Ağır Atletika Federasiyasına, yığma komandanın bütün məşqçi heyətinə, şəxsi məşqçimə, üstümdə əziyyəti olan hər kəsə minnətdaram. Bu, ölkəmiz üçün, əsasən də ağırlıqqaldırma üçün böyük uğurdur. Demək olar ki, son illərdə görülməyən nəticəyə imza atdım”.
İdmançı yarışa çox ciddi hazırlaşdığını vurğulayıb: “Hədəfim Vətənə medalla qayıtmaq idi. Yaxşı nəticə qazanmaq üçün əlimdən gələn hər şeyi etdim. Aylarla evə getməyib məşqlər edirdim. Məşqçilərim də buna şahiddirlər. Bütün idmançılar bilirdilər ki, rəqiblərim olduqca güclü idi. Nəhayət, sonuna qədər mübarizə aparıb medal qazandım”.
D. Dadaşbəyli növbəti hədəfinin Olimpiya Oyunlarında uğur əldə etmək olduğunu söyləyib: “Hansı çəkidə olmağımın mənim üçün fərqi yoxdur. Olimpiadada iştirak edib ölkəmə medalla qayıdacağam”.