Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş təşkilatın 78-ci Baş Assambleyası ərəfəsində keçirdiyi mətbuat konfransında BMT Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunmasının hamı üçün faydalı olacağını söyləyib. O əlavə edib ki, mövcud strukturlar bugünkü tələblərə cavab vermir və təşkilatda geniş islahatlar aparılmalıdır.
YeniAvropa BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, baş katib Baş Assambleyanın iclasında Davamlı İnkişaf Hədəfləri, iqlim dəyişikliyi, aclıq və yoxsulluqla mübarizə, müharibə və silahlı münaqişələrin qarşısının alınması məsələlərinin müzakirə ediləcəyini bildirib. O, dünya liderlərinə müraciət edərək vurğulayıb ki, “indi çəkişmələr və qətiyyətsiz davranmalar deyil, daha yaxşı gələcək üçün bir-birinə güzəşt etmək zamanıdır”.
Dünyanın gələcəyi naminə birlikdə hərəkətə keçməyin vaxtı olduğunu qeyd edən Baş katib əlavə edib ki, “insanlar siyasi liderlərin yaranmış xaosa çarə tapmasını gözləyirlər”. Onun sözlərinə görə, artıq çoxqütblü bir dünya nizamı formalaşır və bunun fonunda qlobal tarazlığın pozulması, parçalanma və münaqişə təhlükəsi də yaranır. Antonio Quterreş vurğulayıb ki, bu səbəbdən beynəlxalq təşkilatlarda, xüsusən BMT-də islahatlar aparılmalıdır. “İkinci Dünya müharibəsindən sonra təsis edilən və hazırda fəaliyyət göstərən çoxtərəfli qurumlar həmin dövrün siyasi və iqtisadi gücünü əks etdirir və müasir tələblərə cavab vermir”, -deyə baş katib qeyd edib.