Niderlandın Haaqa şəhərində gənclər arasında keçirilən Avropa çempionatının üçüncü günündə Azərbaycanın beş cüdoçusu tatamiyə çıxacaq.
YeniAvropa xəbər verir ki, oğlanlar arasında 90 kiloqram çəki dərəcəsində Vüqar Talıbov və İsmayıl Zamanov, 100 kiloqramdan yuxarı çəkidə Kənan Nəsibov medallar uğrunda mübarizə aparacaq.
Qızlar arasında isə 78 kiloqramda Nərmin Əmirli və 78 kiloqramdan yuxarı çəkidə Nigar Süleymanova gücünü sınayacaq.
Görüşlər Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycanın gənc cüdoçuları hazırkı Avropa çempionatında indiyədək beş medal qazanıblar. Nizami İmranov (60 kiloqram) qızıl, Aydın Rzayev (66 kiloqram) gümüş, Aydan Vəliyeva (52 kiloqram), Vüsal Qələndərzadə (73 kiloqram) və Ömər Rəcəbli (81 kiloqram) isə bürünc mükafata sahib çıxıblar.