Azərbaycanda 74 kiloqram çəki dərəcəsində dünya çempionu yoxdur. Bu çəki dərəcəsində dünya çempionu olub ilk imza atmaq və tarixə düşmək istəyirəm.
YeniAvropa xəbər verir ki, bunu Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov (74 kiloqram) sentyabrın 16-dan 24-dək Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatı ilə bağlı danışarkən deyib.
O, dünya çempionatına çox ciddi hazırlaşdıqlarını deyib:"Motivasiyamız yüksəkdir. Məşqlərimiz gündə iki dəfə olmaqla davam edir. Düşünürəm ki, nəticələrimiz yaxşı olacaq".
22 yaşlı idmançı ilin ən vacib yarışını səbirsizliklə gözlədiyini bildirib: “Mundiala bir ildən artıqdır hazırlaşıram. Mənim çəkimdə güclü rəqiblər var, amma heç birindən çəkinmirəm. Favoritlər dünya və olimpiya çempionu olan Rusiya, Yaponiya və ABŞ idmançılarıdır. Bu səbəbdən mübarizənin gərgin keçəcəyini düşünürəm. Ən böyük hədəfim “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya əldə etməkdir”.