Məşhur amerikalı müğənni Madonna səhhəti ilə əlaqədar olaraq təxirə salınan "The Celebration" yubiley konsertinin tarixini açıqlayıb.
YeniAvropa "TASS" agentliyinə istinadla xəbər verir ki, ilk çıxış cari il oktyabrın 14-də Londonda təşkil olunacaq.
Müğənni daha sonra Belçika, Danimarka, İsveç, İspaniya, Portuqaliya, Fransa, Almaniya, İtaliya və Hollandiyada çıxışlarını davam etdirəcək.
Qeyd edək ki, iyulun 10-da müğənninin bakterial infeksiyaya yoluxması səbəbi ilə konsertləri təxirə salınmışdı.
Xatırladaq ki, Amerikalı müğənni, bəstəkar, rəqqasə, aktrisa, prodüser, rejissor, xeyriyyəçi və iş qadını olan Madonna Luiza Çikkone 16 avqust 1958-ci ildə ABŞ-ın Miçiqan ştatının Bey-Siti şəhərində anadan olub. O, müasir rəqs sahəsində karyera qurmaq üçün 1977-ci ildə Nyu-Yorka köçüb. Bir il sonra müğənni olaraq parlamağa başlayıb. Karyerası ərzində Madonnanın albomları 300 milyon nüsxədən çox satılmış və o, tarixin ən çox satılan qadın sənətçisinə çevrilib.
O, həmçinin bir çox filmlərə də rol alıb.
Madonna 7 dəfə "Qremmi" mükafatı, eləcə də "Qızıl qlobus" mükafatlarına layiq görülüb.
Musiqi sahəsində uğurlu karyerasına və tarixdə ifaları ən çox albomı satılan qadın müğənni olduğuna görə Madonnaya "Popun kraliçası" ləqəbi verilib.