logo

Magistraturaların boş qalan plan yerlərinə qəbul elan edilib

10:10 14-08-2023 | icon 6174
Magistraturaların boş qalan plan yerlərinə qəbul elan edilib

Dövlət İmtahan Mərkəzi (DİM) 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün avqustun 14-dən 20-dək ixtisaslaşma seçimi elan edir.

YeniAvropa xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, boş qalan yerlərə qəbul fevralın 19-da və iyunun 11-də keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdində toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır. Boş qalmış ixtisaslaşmaların seçiminə magistraturaya qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən, müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar. Həmin bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün avqustun 20-də saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə daxil olaraq seçdikləri ixtisaslaşmaların kodlarını “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə qeyd edib təsdiqləməlidirlər.

Bakalavrlar öz istəklərinə görə ixtisaslaşma seçimində və müsabiqədə imtahanın hər hansı bir cəhdində göstərdikləri nəticə (topladıqları bal) əsasında iştirak edə bilərlər. Hər iki imtahan nəticəsi müsabiqə şərtini ödəyən bakalavrlar müsabiqədə iştirak etmək istədikləri imtahan nəticəsini seçirlər.

İxtisaslaşma seçimi aparılan müddətdə bakalavr bitirdiyi ixtisasa müvafiq və istəyinə uyğun olan proqram(lar)ı və həmin proqram(lar)a aid olan 20-dək boş qalmış ixtisaslaşmanın kodunu seçərək “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir. Seçilən bütün ixtisaslaşmalar seçim cədvəlinə əsasən bakalavrın bitirdiyi ixtisasa görə seçmək hüququ olan bir və ya daha çox sayda qəbul proqramına aid ola bilər.

Boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc olunub.

Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən “Abituriyent” satış köşkündən, həmçinin kitab mağazalarından almaq olar.

Bakalavrlar DİM-in nəşrlərinin elektron versiyalarının onlayn satışı sistemindən istifadə edərək bank kartı vasitəsilə ödəniş etməklə “Magistr” jurnalının 6-cı sayının elektron versiyasını da əldə edə bilərlər.