logo

Bu gündən peşə məktəblərinə müəllimlərin işə qəbuluna başlanılır

11:33 11-08-2023 | icon 6405
Bu gündən peşə məktəblərinə müəllimlərin işə qəbuluna başlanılır

2023/2024-cü tədris ili üçün Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu mərkəzləşmiş qaydada müsabiqə yolu ilə həyata keçiriləcək.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən YeniAvropa-ya bildirilib ki, peşə təhsil müəssisələrində ixtisas fənn müəllimi və istehsalat təlimi ustası kimi çalışmaq istəyən şəxslər avqustun 11-dən 21-dək "portal.edu.az" elektron müraciət portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər. Müsabiqə çərçivəsində ümumilikdə müxtəlif peşə təhsil müəssisələri üzrə 142 ixtisas fənn müəllimi və 429 istehsalat təlimi ustası vakansiyası elan olunub.

İxtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsi elektron ərizələrin qəbulu və vakant yerlərin seçilməsi, həmçinin təqdim edilən məlumatların müsabiqənin şərtlərinə uyğunluğunun müsabiqə komissiyası tərəfindən yoxlanılması və test imtahanı mərhələlərindən ibarətdir. Ərizələri təsdiq edilən namizədlər avqustun 24-də ixtisas, tədris metodikası və məntiqə aid suallardan ibarət test imtahanında iştirak edəcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

Peşə təhsil müəssisələrinə müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinə qanunvericiliklə müəyyənləşdirilmiş və aşağıda qeyd olunan tələblərə uyğun namizədlər müraciət edə bilərlər:

İxtisas fənn müəllimləri - orta ixtisas və ya ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər;

İstehsalat təlimi ustaları - orta ixtisas və ya ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış, həmçinin ümumi orta təhsilli və müvafiq sahə üzrə 3 ildən az olmayan əmək stajına malik Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər.