Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin təhlükəsizliyinin təmin olunması funksiyası Dövlət Mühafizə Xidmətinin səlahiyyətləri siyahısından çıxarılıb.
YeniAvropa xəbər verir ki, Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayevin müvafiq fərmanı avqustun 4-də qüvvəyə minəcək. Fərman əvvəllər qüvvədə olan, Nursultan Nazarbayev və onun ailə üzvlərinin statusunu və imtiyazlarını tənzimləyən “Qazaxıstan Respublikasının birinci prezidenti – Elbası haqqında” konstitusiya maddəsinin ləğvi ilə bağlı verilib.
Mayın 31-də Qazaxıstan Parlamenti Məclisinin (aşağı palata) deputatı Snejanna İmaşeva Cinayət Məcəlləsindən Nursultan Nazarbayevin təhqir olunmasına görə məsuliyyətin çıxarılmasını nəzərdə tutan düzəlişlərin nəzərdən keçirildiyini bildirib. Onun sözlərinə görə, 2022-ci ilin iyununda konstitusiya referendumu nəticəsində Elbasının statusu barədə maddə əsas qanundan çıxarıldığı üçün buna ehtiyac qalmır.
Dövlət Mühafizə Xidməti ölkənin birinci şəxslərinin və vacib obyektlərinin mühafizəsini həyata keçirən, bilavasitə Qazaxıstan Prezidentinə tabe və hesabatlı olan xüsusi dövlət orqanıdır.