Moldovanın daxili işlər naziri Anna Revenko, maarif və innovasiyalar naziri Anatoli Topale və infrastruktur naziri Liliya Dabija istefa verib.
YeniAvropa xəbər verir ki, bu barədə Moldovanın baş naziri Dorin Reçan bu gün keçirdiyi brifinqdə məlumat verib. O, istefa verən nazirlərin hər birinin xidmətini yüksək qiymətləndirib.
Anatoli Topale və Anna Revenko 2021-ci ilin avqustunda formalaşan və Natalya Qavrilitsanın rəhbərlik etdiyi əvvəlki Nazirlər Kabinetinin tərkibinə daxil idi. Liliya Dabija isə 2023-cü ilin fevralında yeni hökumət formalaşan zaman nazir təyin edilmişdi.
Son iki həftə ərzində siyasətçilər və ekspertlər Kişineu aeroportunda baş verən faciəvi hadisədən sonra daxili işlər nazirinin və sərhəd polisi rəhbərinin istefasını tələb edirdilər. O zaman tacikistanlı cinayətkar sərhədçini və aeroportun təhlükəsizlik xidməti əməkdaşını güllələmişdi.
Moldova qanunlarına əsasən, Prezident baş nazirin təklifi ilə hökumət üzvlərinin istefası və yeni təyinatlar barədə fərman imzalayır.