Gürcüstan ilə Rusiya arasında Cenevrə danışıqlarının növbəti 58-ci raundu nəticəsiz başa çatıb.
YeniAvropa xəbər verir ki, bu barədə Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya KİV-ə müsahibəsində bildirib. Onun sözlərinə görə, Rusiya nümayəndə heyəti danışıqların bu raundunda destruktiv mövqe nümayiş etdirib.
Gürcüstan işğal altındakı ərazilərindən olan qaçqınların öz doğma yurd-yuvalarına qaytarılması məsələsinin Cenevrə danışıqlarının gündəliyinə daxil edilməsi tələbini irəli sürüb. Lakin Rusiya nümayəndə heyəti bununla razılaşmayaraq müzakirə masasını vaxtından əvvəl tərk edib.
“Baxmayaraq ki, qaçqınların məsələsi diqqət mərkəzində olan bir mövzudur, Rusiya Federasiyası bu məsələnin müzakirəsinə başlamağa dair heç bir işarə vermir. Təəssüf ki, Rusiya tərəfi bu raundda da destruktiv mövqe tutdu”, - deyə L. Darsaliya vurğulayıb.