ABŞ prezidenti Cozef Bayden "F-16" qırıcılarının Türkiyəyə tədarükü ideyasını dəstəkləyir.
YeniAvropa xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan jurnalistlər üçün təşkil olunan brifinqdə məlumat verib.
“Prezident Cozef Bayden bir neçə ay ərzində "F-16" qırıcı təyyarələrinin Türkiyəyə tədarükünün tərəfdarı olduğunu birmənalı şəkildə qeyd edib və bu, bizim milli maraqlarımıza cavab verir. Türkiyənin potensialının artması NATO-nun marağındadır”, - deyə o bildirib.
Türkiyə ABŞ-dan 40 ədəd “F-16 Block 70” təyyarəsi və öz arsenalındakı F-16 qırıcılarının modernizə edilməsi üçün 80 dəst “Block 70” komponenti istəyib. Lakin Amerika qanunvericiləri ABŞ silahlarının digər ölkəyə satılmasına mane ola bilərlər. Dövlət katibi Entoni Blinkenin sözlərinə görə, Konqresin bəzi üzvləri Türkiyəyə silah tədarükünü İsveçin NATO üzvlüyü ilə bağlı Ankaranın addımlarına bağlamağa çağırır.