Şavkat Mirziyayev Özbəkistanda keçirilən növbədənkənar prezident seçkilərində 87,5 faiz səslə qələbə qazanıb.
YeniAvropa xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyasının rəhbəri Zayniddin Nizamxocayev jurnalistlər üçün təşkil olunan brifinqdə deyib. “İlkin məlumata görə, Şavkat Mirziyayevə 13 milyon 625 min 55 nəfərin və ya səsvermədə iştirak edən seçicilərin 87,5 faizi səs verib”, - deyə o bildirib.
MSK-nın məlumatına görə, ölkədə seçki hüququna malik 19,5 milyon vətəndaşdan 15 milyon 671 min 405 nəfəri prezident seçkilərində iştirak edib.
Qeyd edək ki, Şavkat Mirziyayev 1989-cu ildən ölkəyə rəhbərlik edən Özbəkistan prezidenti İslam Kərimovun ölümündən sonra 2016-cı ildə dövlət başçısı seçilib. 2021-ci ildə o, 80,12 faiz səslə növbəti prezident seçkilərinin qalibi olub.