NATO ölkələri iyulun 11-12-də Vilnüs şəhərində keçiriləcək sammitdə Ukraynanın təhlükəsizliklə bağlı ehtiyaclarını müzakirə edəcək.
YeniAvropa xəbər verir ki, bu barədə Ağ evdə Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə əlaqələndiricisi Con Kirbi " Amerikanın səsi" radiosuna müsahibəsində deyib.
“Düşünürəm ki, Vilnüsdə müttəfiqlər hazırda döyüş meydanında baş verənləri və əks-hücum üçün Ukraynanın ehtiyaclarını müzakirə edəcəklər. Eyni zamanda, Kiyevin müharibədən sonra yaranacaq ehtiyacları da müzakirə mövzusu olacaq”, - deyə Con Kirbi bildirib.
NATO-nun baş katibi Yens Stoltenberq iyunun 29-da Avropa İttifaqının sammitində çıxışı zamanı Vilnüsdə keçiriləcək sammitdə Şimali Atlantika Alyansının “Ukraynaya güclü dəstək siqnalı göndərəcəyini” vəd edib. O, son həftələr NATO-nun əsas prioritetinin maksimal hərbi yardım göstərməklə Ukraynanın hərbi qələbəsini təmin etmək olduğunu dəfələrlə vurğulayıb.
NATO-nun Litva sammitində Ukraynaya hərbi yardımın çatdırılması və ölkənin yenidən silahlanması ilə bağlı çoxillik proqram qəbul edilməlidir. Yens Stoltenberqin sözlərinə görə, burada məqsəd postmüharibə dövrü üçün Ukraynanı Rusiyanın hərbi əməliyyatları bərpa etməyə imkan verməyəcək dərəcədə silahlandırmaqdır