İsveç NATO-nun iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammitində heç bir halda alyansa üzv ola bilməyəcək, hətta Türkiyənin razılığı olsa belə, həmin vaxta qədər ərizənin ratifikasiyası mümkün deyil.
YeniAvropa xəbər verir ki, bunu Brüsseldə keçirdiyi mətbuat konfransında NATO-nun baş katibi Yens Stoltenberq deyib.
"Mümkün olan və sammitdə əldə etmək istədiyimiz müsbət qərar Türkiyənin ratifikasiyaya razılığını almaqdır. Amma hələ görüləcək işlər var. Ratifikasiya bazar ertəsinə qədər baş tutmayacaq, amma biz siyasi həllə nail ola bilərik”, - Stoltenberq Vilnüs sammitində İsveçin NATO-ya üzv olub-olmayacağı ilə bağlı sualı belə cavablandırıb.
Alyansın baş katibi bildirib ki, o, fikir ayrılıqlarının aradan qaldırılması istiqamətində işi davam etdirmək üçün iyulun 10-da Vilnüsdə Türkiyə və İsveç liderləri ilə görüşəcək.