Ukrayna Prezidenti ofisinin rəhbəri Andriy Yermak Qlobal sülh sammitinin Ukraynada keçirilməsi təklifini irəli sürüb.
YeniAvropa xəbər verir ki, bu barədə Andriy Yermak “Telegram” kanalında yazıb.
“Braziliya, Böyük Britaniya, Danimarka, İtaliya, Hindistan, Kanada, Almaniya, Cənubi Afrika, Səudiyyə Ərəbistanı, ABŞ, Türkiyə, Ukrayna, Fransa, Yaponiya və Avropa İttifaqından olan milli təhlükəsizlik və siyasi müşavirlərlə sülh prinsiplərinin əsas müddəaları üzrə məsləhətləşmələr aparılıb. Qlobal sülh sammitinin keçirilməsi üçün potensial yer ola biləcək meydançalar təklif olunub. Mən bizim üçün arzuolunan məkan kimi, ilk növbədə Ukraynanı təklif etdim”, - deyə o bildirib.
Andriy Yermakın sözlərinə görə, ölkələrin bir çoxu sammitə ev sahibliyi etməyə hazırdır. Tərəflər müzakirə formatını davam etdirmək barədə razılığa gəlib.
Müşavirlərin görüşü zamanı Ukrayna nümayəndə heyəti öz sülh formulunu irəli sürüb. Diqqəti daim bu formula yönəldən Kiyev digər təkliflərdən imtina edir.