logo

Aİ Rusiyaya qarşı 11-ci sanksiya paketini təsdiqləyib

14:14 23-06-2023 | icon 1778
Aİ Rusiyaya qarşı 11-ci sanksiya paketini təsdiqləyib

Avropa İttifaqı Rusiyaya qarşı sayca 11-ci sanksiya paketini təsdiqləyib. Sanksiyaya məruz qalan kompaniyalar arasında Ermənistan və İran şirkətləri də var.

YeniAvropa xəbər verir ki,  bu barədə Avropa Şurasının saytında cümə günü dərc olunan bəyanatda deyilir. Sənədə əsasən, Rusiyanın hərbi sənaye kompleksinə dəstək verən 87 kompaniyanın ikili təyinatlı mallar və texnologiyalar ixracına sərt məhdudiyyətlər tətbiq olunub.

Aralarında hərbçilərin, jurnalistlərin və biznesmenlərin olduğu 100-dən çox rusiyalı, habelə bilavasitə və dolayı yolla Moskvanın nəzarətində olan və Aİ ölkələrinə qarşı daimi təbliğat aparan “Tsarqrada”, “RT Balkan”, “Oriental Review”, “New Eastern Outlook” və “Katexona” media orqanları sanksiya siyahısına salınıb.

Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləyən Ermənistan, İran, Çin, Birləşmiş Ərəb Əmirlikləri və Suriyaya aid kompaniyalar da sanksiya altına düşüb.

Eyni zamanda, Rusiyadan qoşqulu və yarımqoşqulu avtomobillərin Aİ ərazisinə daxil olması, “Drujba” neft kəmərinin şimal qolu ilə Almaniya və Polşaya tədarüklər, yarımkeçiricilərin, optik komponentlərin, naviqasiya cihazlarının, bəzi metalların, həmçinin 15 növ silah ehtiyat hissələrinin Rusiyaya ixracı qadağan edilib. Rusiyaya elektrokarların və hibrid maşınların, mühərrikinin həcmi 1,9 litri ötən yeni və işlənmiş avtomobillərin tədarükü də dayandırılıb.

Bəyanatda, həmçinin qeyd olunur ki, bundan sonra digər gəmilərdən neft yükləyən bütün tankerlərin Aİ-yə üzv ölkələrin limanlarına girişinə icazə verilməyəcək. Eyni zamanda, Avropa İttifaqı öz limanlarını Rusiyadan neft daşımaları zamanı naviqasiya sistemlərini söndürən və ya digər manipulyasiyalar edən gəmilərin üzünə bağlayacaq.