logo

NATO ölkələri Yens Stoltenberqin səlahiyyət müddətini uzatmaq istəyir

13:31 14-06-2023 | icon 3073
NATO ölkələri Yens Stoltenberqin səlahiyyət müddətini uzatmaq istəyir

NATO-ya üzv ölkələr təşkilatın rəhbəri vəzifəsinə namizədlərlə bağlı fikir ayrılığı səbəbindən alyansın baş katibi Yens Stoltenberqin səlahiyyət müddətini uzatmaq niyyətindədir.

YeniAvropa xəbər verir ki, “Financial Times” qəzeti bu barədə öz mənbələrinə istinadla məlumat yayıb. Yens Stoltenberqin səlahiyyətlərinin uzadılması gələn il keçiriləcək seçkilərə qədər NATO üzvləri üçün qısamüddətli kompromis variant ola bilər.

Bu vəziyyət hərbi blokun yeni rəhbəri postuna iki əsas namizədin – Danimarkanın Baş naziri Mette Frederiksenin və Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin alyans üzvləri arasında yekdil dəstəyə malik olmaması səbəbindən yaranıb. NATO-nun bəzi ölkələri Şimali Atlantika Alyansının Baş katibi postuna ilk dəfə qadının təyin edilməsinə tərəfdarı olduğu halda, digərləri bu vəzifədə Şərqi Avropa nümayəndəsini görmək istəyir.

Xatırladaq ki, Yens Stoltenberq 2022-ci il oktyabrın 1-də öz postunu tərk etməli idi, lakin həmin ilin martında alyans ölkələrinin liderləri onun mandatını 2023-cü il sentyabrın 30-dək uzadıb.