İsveç hökuməti Şimali Atlantika Alyansının iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammitinədək NATO-nun tamhüquqlu üzvü olacağına ümid edir.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, bu fikri İsveçin müdafiə naziri Pol Yunson Tokioda keçirilən mətbuat konfransında səsləndirib.
“NATO-ya mümkün qədər tez bir zamanda tamhüquqlu üzvlük İsveç hökumətinin ən ali prioritetidir. Biz Vilnüsdə keçiriləcək sammitə qədər alyansa daxil olacağımıza ümid edirik. Eyni zamanda, Türkiyə tərəfdən buna yalnız Ankaranın, Macarıstan tərəfdən isə yalnız Budapeştin qərar vermə haqqına hörmətlə yanaşırıq”, - deyə nazir vurğulayıb.
2022-ci ilin iyul ayında Finlandiya və İsveç NATO-ya üzvlüklə bağlı müraciət edib. Türkiyə alyansın üzvü kimi sənədi ratifikasiya etmək üçün bir neçə şərt irəli sürüb. Bu şərtlər arasında kürd separatçılarının terror təşkilatı kimi tanınması, terrorda ittiham olunan şəxslərin Türkiyəyə ekstradisiyası və Ankaraya silah tədarükünə qoyulan qadağanın aradan qaldırılması yer alıb. Finlandiya 2023-cü il aprelin 4-də NATO-ya üzv olub. İsveçin NATO-ya üzvlüyünə isə Türkiyə və Macarıstan razılıq verməyib.