Qırğızıstanın xüsusi xidmət orqanları hakimiyyəti zorla ələ keçirmək məqsədilə kütləvi iğtişaşların təşkilini planlaşdıran 30-dan çox şəxsi saxlayıb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Hadisə ilə bağlı açılan cinayət işi çərçivəsində məhkəmənin sanksiyası ilə xüsusi istintaq tədbirləri həyata keçirilib. “Məlum olub ki, cinayətkar qruplaşma il ərzində bütün ölkə ərazisində narazı vətəndaşları öz sıralarına cəlb etmək üçün məqsədyönlü işlər aparıb. Qruplaşmanın əsas təşkilatçısı və ideoloqu mülki fəal və “Eldik Keneş” (“Xalq şurası”) partiyasının sədri olub”, - deyə mətbuat xidmətindən bildirilib.
Məlumata görə, cinayətkar qruplaşmaya cəmiyyətin müxtəlif təbəqələrindən və ölkənin müxtəlif regionlarından 100-dən çox şəxs cəlb olunub, onların arasında dəqiq vəzifə bölgüsü aparılıb. Təşkilati məsələlərin həlli və əsas funksionerlərin mükafatlandırılması üçün xarici mənbələrdən yaxın zamanlarda külli-miqdarda vəsait köçürüləcəyi gözlənilirdi.