logo

Rusiya qoşunları Xerson Su Elektrik Stansiyasını partlatdı

09:19 06-06-2023 | icon 6328
Rusiya qoşunları Xerson Su Elektrik Stansiyasını partlatdı

Rusiya hərbçiləri bu gecə, iyunun 6-da Xersonda yerləşən “Kaxovskaya” Su Elektrik Stansiyasını partladıblar, bəzi yaşayış məntəqələri su altında qala bilər.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə “Cənub” Operativ Komandanlığının spikeri Vladislav Nazarov "Telegram" səhifəsində məlumat paylaşıb.

“Rusiya işğalçı qoşunları “Kaxovskaya” Su Elektrik Stansiyasını partladıb. Hazırda dağıntıların miqyası, suyun sürəti və həcmi, daşqınların ehtimal olunan əraziləri dəqiqləşdirilir. Bütün xidmətlər işləyir”, - deyə Nazarov bildirib.

Xerson Vilayət Şurasının sədr müavini Yuri Sobolevski də Xerson vilayətinin sakinlərini Vilayət Hərbi Administrasiyasının mesajlarını diqqətlə izləməyə və göstərişlərinə əməl etməyə çağırıb.

Ukrayna Daxili İşlər Nazirliyi təxliyənin elan olunduğu yaşayış məntəqələrinin adlarını açıqlayıb.

Xerson vilayətinin Milli Polisi və Dövlət Fövqəladə Hallar Xidmətinin bölmələri Dnepr çayının sağ sahilində, yəni Nikolayevka, Olqovka, Levo, Tyaginka, Ponyatovka, İvanovka, Tokarevka, Pridneprov kəndlərində və qismən Xerson şəhərində mülki əhalini potensial daşqın zonalarından xəbərdar ediblər və təxliyə işlərinə başlanılıb.